Məşhur təfsir və İslam şəriət bilgisi üzrə alim Ömər Nəsuhi Bilmən, istər elmi və əxlaqi nüfuzu, istərsə də səmimi dindarlığı və təvazökarlığı ilə dini mövzularda Türkiyədə Müsəlman xalqının başlıca güvən mənbəyi olmuşdur. İnancda, ibadət və əxlaqda Əhli Sünnə əqidəsini, öz şəxsində tam bir müvəffəqiyyət və səmimiyyətlə təmsil etdiyi üçün hər kəsin hörmət və sevgisini qazanmışdır.
Türkiyənin beşinci Dəyanət işləri başçısı olan məşhur təfsir və İslam şəriət bilgisi üzrə alimi Ömər Nəsuhi Bilmən, 1883-cü ildə Ərzurumun Salasar kəndində doğulmuşdur. Kiçik yaşlarında atasının vəfat etməsi ilə əlaqədar Ərzurum Əhmədiyyə Mədrəsəsi müəllimi və Nakibüləşrəfin baş məmuru olan əmisi Abdürrəzzaq Elmi əfəndinin himayəsində təhsil almağa başladı. Əmisindən və Ərzurum müftisi Narmanlı Hüseyn əfəndidən dərs aldı. İki müəllimi də biri-birinə yaxın vaxtlarda öldükdə İstanbula getdi (1908) və Fateh dərsiamlarından (Osmanlı dövründə məscidlərdə dərs verməyə səlahiyyətli adam olan professor) Yumruqlu Şakir əfəndinin dərslərində iştirak edərək diplomunu aldı (1909). Bununla bərabər, Dərs Vəkaləti miqyasında açılan imtahanı qazanaraq məscidlərdə dərs verməyə səlahiyyətli adam olaraq dərsiamlığa başladı. (1912)
Bundan başqa, o vaxtlar ərzində oxumaqda olduğu Hüquq fakültəsini də bitirdi (1913). Ərəbcə və farscanı çox yaxşı bilən, Türkcə ilə birlikdə üç dildə yaza bilən Ömər Nəsuhi Bilmən,1913-cü ilin iyul ayında Fətva dairəsində katibliyə başladı. Bir il sonra baş məmurluq vəzifəsinə yüksəldilərək 1915-ci ilin avqustunda Təlif əsərləri nazirliyinə üzv qəbul edildi. 30 İyun 1960-cı il tarixində Dəyanət işləri nazirliyi vəzifəsinə təyin edilənə qədər müxtəlif vəzifələrdə işləmişdir. Hələ bir ilini başa vurmamışkən 6 aprel 1961-ci ildə Dəyanət işləri nazirliyindən təqaüdə çıxdı. Uzun çəkən məmurluq həyatı boyunca müəllimlik xidmətində də olan Ömər Nəsuhi Bilmən, Darüşşəfəq liseyində iyirmi ilə yaxın bir müddət ərzində Əxlaq və Yurddaşlıq dərsləri keçmişdir. İstanbul İmam Natiq Məktəbində və Yüksək İslam İnstitutunda İslami şəriət və kəlam dərsləri verdi. Həyatının sonuna qədər elmi işlərini davam etdirən Bilmən, inananlara işıq olan səkkiz cildlik məşhur təfsirini təqaüdə çıxdıqdan sonra yazdı. 12 oktyabr 1971-ci ildə İstanbulda vəfat edən Ömər Nəsuhi Bilmən, Ədirnəqapı Saqqızağacı şəhidliyində dəfn edildi.
Ömər Nəsuhi Bilmən İstanbul Müftiliyinə təyin edildiyi tarixdən etibarən, vəfat edənə qədər istər elmi və əxlaqi nüfuzu, istərsə də səmimi dindarlığı və təvazökarlığı ilə dini mövzularda Türkiyədə Müsəlman xalqının başlıca güvən mənbəyi olmuşdur. İnancda, ibadət və əxlaqda Əhli Sünnə əqidəsini, şəxsində tam bir müvəffəqiyyət və səmimiyyətlə təmsil etdiyi üçün hər kəsin hörmət və sevgisini qazanmışdır. Din əxlaqı ilə bağlı mövzularda qərarlı və dəqiq rəftarı ilə inananların könlündə taxt qurmuşdur. 1960-cı illərdə yüksələn bəzi səs-küyə qarşı, yüksək iman gücü ilə, müvəffəqiyyətlə və cəsarətlə din əxlaqını müdafiə etmişdir.
Əsərlərində istifadə etdiyi dil və mövzuları ifadə tərzi olduqca dəqiq və möhkəmdir.
Həyatının böyük bir qismini kitab yazmaqla keçirən və təməl İslami elmlər sahəsində çox sayda əsərlər yazan Ömər Nəsuhi Bilmən, onun zamanına qədər yazılmış olan dinin əsaslarını müsəlmanların daha aydın və asan şəkildə istifadə etməsini təmin etmək üçün, 1947-1948-ci illər arasında nəşr etdiyi Böyük İslam Elmihalı adını verdiyi və Əqaid haqqında xülasə məlumatlarla başlayan kitabda, ibadətlərlə əlaqədar mövzulara geniş yer vermiş və İslami şəriət kitablarında dini hökmləri təfsilatlı və tam şəkildə açıqlamışdır. İndiyə qədər 3 milyondan çox çap olunaraq bu miqdara müvəffəq olunması çətin olan bir tiraja çatmış olan bu qiymətli əsər, Türkiyədə uzun illər açıqlanmayan bir çox mövzunu açıqlayaraq, xalqın dini məlumatlarla əlaqədar mənəvi təlabatlarının ödənilməsində əhəmiyyətli bir boşluğu doldurmuşdur.
Digər əsərləri bunlardır:
. Hüququ İslami və İstilahatı Fiqihiyyə (İslami şəriət) Cəmiyyəti: Beş il müddətdəki Heyəti Təlifıyyə üzvlüyü, Ömər Nəsuhi Bilmənə hüquq sahəsində tam formalaşma və fikirlərində sabitləşmə təmin etmişdir. Məzhəblər arası müqayisəli sistematik bir İslam hüquqi kitabı olub, Latın hərflərinin qəbulundan sonra Türkiyədə İslam hüququ sahəsində qələmə alınmış ilk və ən əhatəli əsərdir.
. Qurani Kərimin türkcə tərcüməsi və təfsiri
. Böyük təfsir tarixi (1955-1961)
. Qurani Kərimdən dərslər və nəsihətlər (İstanbul 1947)
. Müddəti fəthin türkcə təfsiri İslam ilə İstanbul tarixçəsi (1953-1972)
. Hikmət qönçələri: 500 hədisin tərcümə və izahını əhatə edir (1963)
. İzah edilən elmi kəlam (1955)
. Müləxxas elmi tövhid Əqaidi İslamiyyə (1962-1973)
. Yüksək İslam əxlaqı (1949-1964)
. Dini Məlumatlar (Ankara 1959) Dəyanət İşləri Nazirliyində müxtəlif vəzifələrə keçirilən imtahanlara girəcək kəslər üçün sual-cavablı olaraq hazırlanmış bir əsər olub, təfsir, hədis, kəlam, İslami şəriət, vəqf, fəraiz və siyər mövzularını ələ alır.
Bəyanülhaq, Sıratı Müstəkim və Sə-bilürrəşad məcmuələrində müxtəlif məqalələri nümayiş olunan Ömər Nəsuhi Bilmənin, ayrıca, gənclik illərində farsca olaraq yazıb türkcəyə tərcümə etdiyi Nüzhətül-ər-vah (1968) adlı bir dəvançasıyla da 1904-cü ildə yazdığı İki Şükufəi Ta-aşşuk (mb. Əhməd Səlim Bilmən, səh. 99-168) adlı bir romanı da vardır.